Okan Buruk Fatih Terimi geridə qoyaraq "Qalatasaray"da yeni rekorda imza atdı

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk yeni rekorda imza atıb.

53 yaşlı mütəxəssis buna Türkiyə Super Liqasının XII turunda “Samsunspor”u 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Bu qələbə ilə “sarı-qırmızılılar” doğma meydandakı məğlubiyyətsizlik seriyasını 42 oyuna çatdırıb. Bununla da Okan Buruk Fatih Terimin 41 oyunluq rekordunu geridə qoyaraq klub tarixinə düşüb.

Təcrübəli mütəxəssis, həmçinin xorvatiyalı həmkarı Nenad Byelitsanı məğlub etməklə əcnəbi baş məşqçilərə qarşı qələbə seriyasını 22 oyuna yüksəldib.

Okan Buruk “Qalatasaray”ın baş məşqçisi kimi keçirdiyi 219 oyunda 156 qələbə qazanıb, 29 heç-heçə edib və 34 dəfə məğlub olub. Onun komandasının bu görüşlərdə orta xal göstəricisi 2,27-dir.

Mütəxəssis cari mövsümdə isə 16 matçda 12 qələbə, 1 heç-heçə və 3 məğlubiyyətlə 2,31 orta xal göstəricisinə nail olub.

Qeyd edək ki, 2022-ci il iyulun 1-dən “Qalatasaray”ı çalışdıran Okan Buruk komanda ilə 4 dəfə Türkiyə Super Liqasının, 1 dəfə Türkiyə Kubokunun və 1 dəfə Türkiyə Superkubokunun qalibi olub. Onun İstanbul klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.