“Claude” süni intellekt modelinin yaradıcısı olan “Anthropic” şirkətinin birjaya daxil olması minlərlə əməkdaşını milyonçuya çevirib.
“Fortune” nəşrinin məlumatına görə, şirkətin səhmlərinin yerləşdirilməsi zamanı hər bir işçinin payının orta dəyəri 44 milyon dollar təşkil edib.
Təxminən 5 300 əməkdaşı olan şirkətdə ən azı 400 nəfərin səhm paketinin dəyəri 100 milyon dolları ötür. Yeddi həmtəsisçinin hər birinin payı isə təxminən 20 milyard dollar qiymətləndirilir.
Bununla belə, söhbət əsasən kağız üzərindəki sərvətdən gedir. Əməkdaşlar səhmlərinin yalnız müəyyən hissəsini sata bilərlər. Belə ki, Şirkətin təsisçiləri istisna olmaqla, digər əməkdaşlar səhmlərinin ən çoxu 10%-ni ticarətin ilk günü sata biləcəklər. Daha 35%-lik hissəni isə 2026-cı ilin maliyyə nəticələri açıqlanandan sonra satışa çıxarmaq mümkün olacaq.