WSJ: Ukrayna Donbasdan imtina müqabilində NATO-ya üzv ola bilər

ABŞ Donbasın hazırda Kiyevin nəzarətində olan ərazilərindən imtina etməsi müqabilində Ukraynanın NATO-ya üzvlüyü imkanını müzakirə edir.

Bu barədə “The Wall Street Journal” danışıqlardan xəbərdar olan mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, qapalı danışıqlar zamanı ABŞ prezidentinin kürəkəni Cared Kuşner münaqişənin həlli ilə bağlı iki variantı müzakirə edib.

Birinci variant Ukraynanın NATO-ya üzvlüyü müqabilində Donbasın nəzarətində olan hissəsindən imtina etməsini nəzərdə tutur. İkinci variant isə təhlükəsizlik zəmanətlərinin verilməsi ilə müharibənin cəbhənin hazırkı xətti boyunca dondurulmasını ehtiva edir.

WSJ-nin mənbələrinin bildirdiyinə görə, Çində keçirilən sammitdən sonra Prezident Donald Tramp Kuşnerə Rusiya Prezidenti Vladimir Putinin müharibədən yorulduğunu və nizamlanmaya hazır olduğunu bildirib.

Moskva isə Ukraynadan NATO-ya üzvlük istəyindən imtina etməsini tələb edir və ölkənin alyansa mümkün qoşulmasını qəbuledilməz hesab edir.