SEPAH generalı ilə görüşdən sonra İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi

İraq Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Əli əz-Zeydi bütün ordu bölmələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib. Bu qərar silahlı qruplaşmaların neft və neft məhsullarını qaçaqmalçılıq yolu ilə ölkədən çıxardığı Curf əs-Səxr bölgəsinə nəzarətin federal təhlükəsizlik qüvvələrinə təhvil verilməsi ərəfəsində qəbul edilib.

Bu barədə “As-Sumaria” telekanalı məlumat yayıb.

İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmrində bildirilir ki, əmr dərhal qüvvəyə minir və xüsusi göstəriş verilənədək qüvvədə qalır. Qeyd olunur ki, Əli əz-Zeydinin əmri hazırda məzuniyyətdə olan bütün hərbçilərin xidmət yerlərinə geri çağırılmasını da nəzərdə tutur.

İraq Baş naziri Curf əs-Səxr bölgəsində komandanlıq qərargahının yaradılması barədə də qərar qəbul edib. Bu qərargah ərazinin inzibati sərhədləri daxilində təhlükəsizlik tapşırıqlarını yerinə yetirən bölmələrə rəhbərliyi öz üzərinə götürəcək.

Qərargahın səlahiyyətləri noyabrın 20-də qüvvəyə minəcək.

Xatırladaq ki, sözügedən İrana bağlı “Kətaib Hizbullah” terror qruplaşmasının nəzarətindədir. Əli əz-Zeydi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general İsmayıl Qəni ilə Bağddada keçirdiyi dünənki görüşündə neft qaçaqmalçılığında ittiham etdiyi “Kətaib Hizbullah”ın bölgədən çıxarılmasını tələb edib.