AZAL-ın Qəbələdəki mərkəzində 40-dan çox pilot təlim alır

"Azərbaycan Hava Yolları"nın (AZAL) Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot hazırlanaraq sərnişin aviaşirkətinə təhvil verilib.

Bu barədə Qəbələdə yerləşən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuş Heyyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev Mərkəzə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Mərkəz 2024-cü ildə təlim təşkilatı statusu əldə edib: "Bu status yerli pilot kadrlarının hazırlanması imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Seymur Quliyev qeyd edib ki, hazırda Mərkəzdə 41 stajor pilot təlim keçir. Mərkəzin hava gəmiləri parkına 5 ədəd "Cessna" tipli təyyarə daxildir və ilin sonunadək daha 5 hava gəmisinin parka ələvə olunması planlaşdırılır.

"Hava gəmilərinin sayının artırılması təlim imkanlarını genişləndirəcək və yerli pilot kadrlarının hazırlanmasına töhfə verəcək", - Seymur Quliyev vurğulayıb.