ABŞ administrasiyası nazirlik rəhbərlərinə daha çox sərbəstlik verəcək

Stiven Millerin Ağ Evin aparat rəhbəri vəzifəsinə gəlməsindən sonra ABŞ nazirliklərinin rəhbərləri ictimaiyyətlə kommunikasiya məsələlərində daha çox müstəqillik əldə edəcəklər.

Bu barədə “Fox News” administrasiyanın daxili memorandumuna istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, Ağ Ev nazirlik rəhbərlərinin fəaliyyətini dəstəkləyəcək və onların ictimai çıxışlarına daha az mərkəzləşdirilmiş nəzarət edəcək.

Əvvəlki aparat rəhbəri Syuzan Uaylsın dövründə isə nazirliklərin ictimai kommunikasiyaları əsasən Ağ Evin nəzarətində olub.

Memorandumda siyasi qərarların hazırlanması prosesinin də yenidən təşkili nəzərdə tutulur. Bu iş Ağ Evin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi tərəfindən əlaqələndiriləcək.