Braziliyanın Rio-de-Janeyro ştatında əhalinin təxminən üçdə biri mütəşəkkil cinayətkar qruplaşmaların və narkokartellərin nəzarətində olan ərazilərdə yaşayır.
Bu barədə Braziliyanın “O Globo” nəşri Rio-de-Janeyro İctimai Təhlükəsizlik İnstitutunun araşdırmasına istinadən məlumat yayıb.
Araşdırmaya əsasən, ştat ərazisində cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi 1530 zona müəyyən edilib. Ümumi sahəsi 614,3 kvadratkilometr olan bu ərazilərdə 5,17 milyon insan yaşayır. Bu isə ştat əhalisinin 32,2 faizini təşkil edir.
Bölgədə ən böyük cinayətkar təşkilat “Qırmızı Komanda” (“Comando Vermelho”) qruplaşması hesab olunur. Təşkilat 779 əraziyə, yəni cinayətkar qruplaşmaların nəzarətində olan zonaların 50,9 faizinə nəzarət edir. Həmin ərazilərdə təxminən 3 milyon insan yaşayır.
Nəşrin sorğuladığı ekspertlərin sözlərinə görə, qruplaşma son illərdə rəqib cinayətkar təşkilatların nəzarətində olan onlarla yeni ərazini ələ keçirib.
Qeyd edək ki, Braziliyada təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla mübarizə oktyabrda keçirilən prezident seçkilərinin əsas mövzularından biri olub.
Yenidən prezident seçilən Luis İnasiu Lula da Silva dördüncü prezidentlik müddətində küçə cinayətkarlığına qarşı mübarizəni əsas prioritetlərindən birinə çevirəcəyini vəd edib.