ABŞ-nin federal məhkəmələrində diabetin müalicəsi və arıqlamaq üçün istifadə olunan preparatların ağır fəsadlara səbəb olduğu iddiası ilə bağlı 4 360 məhkəmə işi araşdırılır.
Bu barədə ABŞ-nin Çoxdairəli Məhkəmə İcraatı üzrə Məhkəmə Kollegiyasının 2 noyabr 2026-cı il tarixinə olan statistik məlumatlarında bildirilib.
İşlərin 4 082-si ehtimal olunan mədə-bağırsaq fəsadları, 278-i isə görmə sinirinin zədələnməsi ilə bağlıdır.
Hər iki məhkəmə prosesi Pensilvaniya ştatının Şərq dairəsində aparılır.
İş üzrə cavabdehlər “Novo Nordisk” və “Eli Lilly” şirkətləridir.
“Novo Nordisk” “Ozempic” və “Wegovy”, “Eli Lilly” isə “Mounjaro” preparatlarını istehsal edir. Bununla belə, məhkəmə materiallarında adı çəkilən dərmanların siyahısı bu üç preparatla məhdudlaşmır.
Pasiyentlər preparatların qastroparezə (mədə iflici), bağırsaq tıxanıqlığına və digər ciddi həzm pozuntularına səbəb olduğunu iddia edirlər.
Məhkəmənin əsas araşdırma mövzularından biri istehsalçıların həkimləri və pasiyentləri mümkün risklər barədə kifayət qədər məlumatlandırıb-məlumatlandırmamasıdır. Şirkətlər isə ittihamları rədd edirlər.
Ayrı bir məhkəmə prosesi isə NAION adlanan, görmə sinirinin zədələnməsi ilə nəticələnən qeyri-arteritik ön işemik optik neyropatiya ilə bağlıdır. İddiaçılar bu xəstəliyin sözügedən preparatların istifadəsi ilə əlaqəli olduğunu bildirirlər.
Məhkəmə dərmanların təhlükəsizliyi, hazırlanması, sınaqları və istifadə təlimatlarında mümkün risklər barədə xəbərdarlıqların yetərli olub-olmadığını qiymətləndirməlidir.