Tələbə kreditləri üçün 35 milyon manat vəsait ayrılacaq - Vitse-spiker

2027-ci ilin dövlət büdcəsində təhsil sahəsi üzrə nəzərdə tutulan vəsaitlər təhsilin yalnız davamlı maliyyələşdirilməsini deyil, eyni zamanda onun keyfiyyətinin yüksəldilməsini, əhatəliyinin genişləndirilməsini və əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsini hədəfləyir.

Bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Vitse-spiker bildirib ki, daha çox uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi və peşə təhsilinin inkişafı prioritet istiqamətlər sırasındadır: “Xüsusilə sertifikatlaşdırmada uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr üçün 286,4 milyon manat vəsaitin nəzərdə tutulması müəllim əməyinin stimullaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. Eyni zamanda məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsini genişləndirmək üçün əlavə olaraq 37,5 milyon manat ayrılması alternativ təhsil və maliyyələşmə modellərinin inkişafına imkan yaradır”.

Ziyafər Əsgərov əlavə edib ki, heç şübhəsiz ali təhsil sahəsində tələbə təqaüdlərinin, dövlət sifarişi əsasında kadr hazırlığının və təhsil-tələbə kreditlərinin maliyyələşdirilməsi gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından olduqca aktualdır.

“Əhalinin aztəminatlı təbəqələrindən olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsi və təhsilin əlçatanlığının artırılması məqsədilə təhsil-tələbə kreditlərinin maliyyələşdirilməsi üçün kifayət qədər böyük vəsait, daha dəqiqliklə desək 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Qarabağ Universitetinin fəaliyyətinə ayrılan vəsait, sabah proqramlarının maliyyə təminatı və ali təhsilin keyfiyyətinin və rəqabətliliyinin artırılmasına yönəlmiş tədbirlər kimi diqqəti cəlb edir. Bununla yanaşı elm xərclərinin 257,9 milyon manata çatdırılması və əvvəlki illə müqayisədə 12,4% artırılması elmi tədqiqatların və tətbiqi elmin inkişafına ayrılan resursların genişləndirilməsinə çox böyük imkanlar yaradır. Əsas məsələ bu vəsaitlərin istifadəsinin səmərələşdirilməsi, elmlə təhsilin inteqrasiyasının gücləndirilməsi və əldə olunan nəticələrin ölkənin iqtisadi inkişafına töhfəsinin artırılmasıdır”, - o qeyd edib.