ABŞ maliyyə naziri Skott Besantın İrandan gəldiyi bildirilən ölüm təhdidlərindən sonra Vaşinqtondakı evini tərk edərək hərbi bazaya köçürüldüyü iddia olunur.
Bu barədə ilk olaraq ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti üç məlumatlı mənbəyə istinadla məlumat yayıb. “Reuters” agentliyi də xəbəri yayaraq məsələ ilə bağlı əlavə təfərrüatları açıqlayıb.
Məlumata görə, ABŞ rəsmiləri son həftələrdə İranın hazırkı və keçmiş amerikalı dövlət rəsmilərini hədəf almağa yönəlmiş planlarının daha irəli mərhələyə keçdiyi qənaətinə gəliblər. Bu qiymətləndirmədə Besanta qarşı təhdidlərlə bağlı kəşfiyyat məlumatlarının da rol oynadığı bildirilir. Bununla belə, nazirə qarşı təhdidlərin konkret məzmunu, mənbəyi və ciddilik dərəcəsi açıqlanmayıb. ABŞ Maliyyə Nazirliyi “Reuters”in sorğusuna ilkin olaraq cavab verməyib.
İranla bağlı təhdid iddialarına münasibətdə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi “Iran International” nəşrinə bildirib ki, Besant İran hakimiyyətinin təhdidlərindən çəkinməyəcək və Tehrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək.
Vaşinqtonun İrana qarşı təzyiq siyasətinin əsas simalarından biri...
Skott Besant ABŞ administrasiyasının İrana qarşı maliyyə və iqtisadi təzyiq siyasətinin əsas icraçılarından biri hesab olunur. Onun rəhbərlik etdiyi nazirlik İranın neft gəlirlərini, maliyyə şəbəkələrini və beynəlxalq ticarət əlaqələrini məhdudlaşdırmağa yönəlmiş sanksiyaların həyata keçirilməsində mühüm rol oynayır.
“Reuters”in məlumatına görə, Tramp administrasiyasının yüksək rütbəli kəşfiyyat rəsmisi ötən ay hazırladığı xidməti qeyddə İranın amerikalı şəxslərə qarşı planlarının daha irəli mərhələyə çatdığı barədə xəbərdarlıq edib. Agentlik həmin sənədlə tanış olduğunu bildirir. Lakin ABŞ rəsmiləri İranın ABŞ ərazisində və digər ölkələrdə genişmiqyaslı hücumlar həyata keçirmək imkanlarının məhdud olduğunu da qeyd ediblər.
İranın mövqeyi və təhlükəsizlik məsələsi...
Tehran əvvəllər ABŞ ərazisində dövlət rəsmilərinə və digər şəxslərə qarşı hücum planlaşdırması barədə ittihamları rədd edib. Hazırkı xəbərlə bağlı İran hökumətinin ayrıca rəsmi cavabı isə hələlik müəyyən edilməyib.
İranın ingilisdilli “Iran International” nəşri də “The New York Times”ın məlumatını yayıb və ABŞ Maliyyə Nazirliyinin nümayəndəsinin açıqlamasına yer verib. ABŞ-ın “Amerikanın Səsi” radiosunun farsdilli ("VOA Persian") xidməti də xəbəri işıqlandırıb.
Beləliklə, Besantın hərbi bazaya köçürülməsi barədə məlumat bir neçə beynəlxalq media orqanında yayılsa da, hadisənin bütün detalları müstəqil şəkildə təsdiqlənməyib. Xüsusilə təhdidlərin konkret mənbəyi və real təhlükə səviyyəsi açıq qalır...
S.Laçın