Rubio: İrana qarşı iqtisadi təzyiqlər o qədər səmərəli işləyir ki, genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da gücləndirməyi planlaşdırır.

Bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ona İslam Respublikasına qarşı iqtisadi təzyiq kampaniyasının o qədər uğurlu olduğu barədə məlumat verilib ki, artıq genişmiqyaslı hərbi əməliyyata ehtiyac qalmayıb.

Rubio qeyd edib ki, İrana qarşı iqtisadi təzyiqlər gələcəkdə daha da artırılacaq.

Dövlət katibi vurğulayıb ki, İran müəyyən “qırmızı xətləri” keçərsə və ya qəbuledilməz addımlar atarsa, ABŞ ordusu cavab verməyə hazırdır.

Rubio İslam Respublikasının razılaşma əldə etməkdə maraqlı olduğuna şübhə etmədiyini, lakin Tehranın hələ buna hazır görünmədiyini bildirib.

O əlavə edib ki, İran nüvə enerjisi proqramına malik olmaq istəyirsə, bu proqram digər ölkələrdə olduğu kimi həyata keçirilməlidir.

Dövlət katibi xəbərdarlıq edib ki, İran gərginliyi artırmaq və hərbi addımlar atmaq qərarına gələrsə, bunun müqabilində “çox ağır bədəl” ödəyəcək.