Bakı, 10 noyabr, AZƏRTAC Zəfər Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrı və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. ‎Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Xaqani Əliyevin ‎"İki əsgər" tamaşası nümayiş olunub. ‎‎Tamaşanın quruluşçu rejissoru, mərhum Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Asyaxanım Heydərovadır.‎ Səhnə əsərində teatrın aktyorları Emin Sevdiməliyev, Vüsal Məmmədov, Ayşən Mirzəyeva, Cavid Cavadzadə və Təranə Əliyeva çıxış ediblər.‎‎Tamaşada düşmən əsgəri ilə müqayisədə cəsur, vətənsevər, qəhrəman, humanist, torpağının azadlığı uğrunda həyatını hər an qurban verməyə hazır olan qalib Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazı yaradılıb.