Kanada İranın 11 qurumuna qarşı sanksiyaları bərpa etdi

Bu gün Kanada Xarici İşlər Nazirliyi İranın 11 qurumuna qarşı əvvəllər ləğv edilmiş sanksiyaların yenidən qüvvəyə mindiyini açıqlayıb.

Azad İran Teleqram kanalına istinadən, məlumata görə, sözügedən qurumlar 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində əldə olunan irəliləyişlərdən sonra sanksiya siyahısından çıxarılmışdı.

Sanksiyaların yenidən tətbiq olunduğu qurumlar arasında Nüvə Yanacağının İstehsalı və Təchizatı Şirkəti, Nüvə Reaktoru Yanacağı Şirkəti, “Kala Naft”, “Naftiran Intertrade Company” (NICO), İran Milli Neft Şirkəti (NIOC) və İran Milli Tanker Şirkəti (NITC) yer alır.

Siyahıya, eləcə də “Bank Mellat”, “Bank Melli Iran”, Sənaye və Mədən Bankı, İran İxracın İnkişafı Bankı və İran Sığorta Şirkəti daxildir.