Vətən Müharibəsi Qəhrəmanı, rektor - General rütbəsi alanlar kimdir?

Prezident İlham Əliyev noyabrın 7-də Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova general-leytenant, polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə, Telman Əsgər oğlu Hüseynova general-mayor rütbəsi verilib.

Ölkə.az-ın xəbərinə görə, general-leytenant rütbəsi alan Zaur.Rüstəmov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin tanınmış hərbi qulluqçusudur.

O, 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Türkiyədə (Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasında) hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri kimi Vətənə qayıdıb. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

2022-ci ildə general-mayor rütbəsi alıb. 2024-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini, Hava Döyüş komandiri vəzifəsində çalışır.

General-mayor rütbəsi alan Telman Hüseynov Vətən Müharibəsi Qəhrəmanıdır. Hazırda Əlahiddə Ümumqoşun Ordu komandanının müavinidir.

O, 1977-ci il noyabrın 27-də Xankəndidə anadan olub. Əslən Füzuli rayonunun Dilağarda kəndindəndir.

T. Hüseynov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini və Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.

Hərbi xidmət illərində taqım komandirindən Ordu Korpusu komandirinin müavininədək müxtəlif məsul vəzifələrdə çalışıb. İkinci Qarabağ müharibəsi zamanı 2-ci Ordu Korpusunun kəşfiyyat rəisi kimi döyüş əməliyyatlarında iştirak edib.

Onun rəhbərlik etdiyi kəşfiyyat bölmələri və digər hərbi birləşmələr düşmənin müdafiə səddinin yarılmasında, Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı və Şuşa istiqamətlərində aparılan əməliyyatlarda mühüm rol oynayıb.

Göstərdiyi qəhrəmanlıq və hərbi xidmətlərinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Telman Hüseynova Vətən Müharibəsi Qəhrəmanı fəxri adı verilib. O, həmçinin müvafiq medalla təltif olunub.

Telman Hüseynov 2024-cü ildə isə Heydər Əliyevin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif edilib.

General-mayor rütbəsi alan Hikmət Əliyev Siyəzən rayonundandır. O, hazırda Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində xidmət edir.

General-mayor rütbəsi alan Elnur Ələsgərli Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektorudur. O, 2024-cü il iyun ayından həmin vəzifədə çalışır.