Budapeşt, 6 noyabr, AZƏRTAC Vişeqrad Dördlüyünün (V4) dövlət başçıları Slovakiyanın Trençin şəhərində keçirilən sammitdə Avropa İttifaqının (Aİ) genişlənməsinə dəstək verib, lakin Ukraynadakı müharibə ilə bağlı fikir ayrılıqlarını gizlətməyiblər. AZƏRTAC xəbər verir ki, Macarıstan, Slovakiya, Çexiya və Polşanın liderlərinin iştirakı ilə təşkilatın yaradılmasının 35 illiyinə həsr olunan görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen də iştirak edib. Müzakirələrdə Avropa İttifaqının genişlənməsi, Avropanın təhlükəsizliyi, Ukrayna və enerji qiymətləri mövzuları əhatə olunub. Macarıstan Prezidenti Andraş Baka genişlənmənin dörd ölkənin maraqlarına uyğun olduğunu bildirib, lakin qəbulun bütün namizədlər üçün eyni meyarlar əsasında, layiqliliyə görə aparılmasının vacibliyini vurğulayıb. Slovakiya Prezidenti Peter Pellegrini Monteneqronu ən hazır namizəd adlandırıb və ölkənin 2028-ci ildə üzv ola biləcəyini bildirib. Çexiya prezidenti Petr Pavel Rusiyaya qarşı sanksiyaların saxlanılmasını istəyib, Pellegrini isə diplomatik həll çağırışı edib. Liderlər qış ərzində Ukrayna əhalisinə texniki avadanlıq və sığınacaqların tikintisi ilə dəstək verəcəklərini razılaşdırıblar. Polşa Prezidenti Karol Navrotski isə Avropa İttifaqının qərarlarında V4-ün təsirinin daha da artırılmasını təklif edib. Vüqar Seyidov AZƏRTAC-ın xüsusi müxbiri Budapeşt