İstanbul Konqres Mərkəzində keçirilən ''TRT World Forum 2026''nın açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal idarəetmə sistemində dərin böhranın yaşandığını diqqətə çatdırıb.
Builki forumun "Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur?" mövzusuna həsr olunduğunu bildirən R.T. Ərdoğan dünyada qaydalara əsaslanan sistemin sıradan çıxdığını vurğulayıb. O bildirib ki, dünya köhnə nizamın öldüyü, yenisinin isə hələ formalaşmadığı bir böhran dövründən keçir. Güc rəqabətinin kəskinləşdiyi, beynəlxalq prinsiplərin tapdalandığı bir vaxtda qlobal idarəetmə mexanizmləri problemlərin həllində aciz qalır. Ərdoğan ədalətli həll yolları tapmağın bəşəriyyətin ortaq məsuliyyəti olduğunu qeyd edib.
Dünyanın 43 ölkəsindən 150-dək məruzəçinin və minlərlə qonağın qatıldığı forumun vacibliyini qeyd edən Türkiyə dövlət başçısı iştirakçıları salamlayaraq tədbirin uğurla keçməsini arzulayıb. Ərdoğan iki gün ərzində enerjidən iqtisadiyyata, süni intellektdən regional böhranlara qədər geniş mövzuların müzakirə ediləcəyini vurğulayıb. O, bu müzakirələrin qlobal sülhə və sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Prezident Ərdoğan həmçinin 62 ildir obyektiv yayım siyasətini qoruyub saxlayan TRT-ni və 2017-ci ildən etibarən ‘‘TRT World Forum’’u beynəlxalq dialoq platformasına çevirən media rəhbərliyini uğurlu təşkilatçılığa görə təbrik edib.