Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvan Muxtar Respublikasına ilk səfərinin yekunlarına dair videoçarx paylaşıb.
Müvafiq video diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
"Naxçıvan regionda həqiqətən mühüm rol oynayır. O, nəqliyyat-logistika habı kimi, o cümlədən Orta Dəhliz çərçivəsində və Azərbaycan, Türkiyə və Avropa arasında gələcək "yaşıl enerji" marşrutlarının bir halqası kimi real potensiala malikdir. Region daha dinc və bir-biri ilə əlaqəli gələcəyə doğru irəlilədikcə bu imkanlar daha böyük əhəmiyyət kəsb edir. Böyük Britaniya bu gələcəyin bir parçası olmaq istəyir", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Britaniya təcrübəsi artıq regionun inkişafına töhfə verir. Xüsusilə, "Chapman Taylor" şirkəti Naxçıvanın inkişafı üzrə 20 illik strateji plan hazırlayır.
Norman vurğulayıb ki, Böyük Britaniya regionla əməkdaşlığın, o cümlədən şəhərsalma, infrastruktur, nəqliyyat bağlantısı və təmiz enerji sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır.
Səfir həmçinin qonaqpərvərliyə görə Naxçıvan sakinlərinə təşəkkür edib və Böyük Britaniyanın regionla münasibətlərinin daha da möhkəmləndirilməsinə ümidvar olduğunu bildirib.