Bakı, 6 noyabr, AZƏRTAC Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitdə “İnnovasiya sprinti” təşəbbüsünə start verilib. AZƏRTAC xəbər verir ki, təşəbbüs dövlət idarəçiliyində aktual problemlərin müəyyənləşdirilməsi və onların həlli üçün innovativ, praktiki yanaşmaların hazırlanmasına yönəlib.İnteraktiv iş formatında təşkil olunan sessiyalarda 100-ə yaxın beynəlxalq iştirakçı səkkiz komandaya bölünərək vətəndaşların dövlət xidmətlərinin yaradılmasında iştirakı, idarəetmə innovasiyaları, çoxşaxəli xidmətlərin göstərilməsi, fərdiləşdirilmiş və inklüziv xidmətlər, iqlim dəyişikliklərinə davamlı dövlət xidmətlərinin formalaşdırılması, dövlət-özəl tərəfdaşlığı, eləcə də dövlət qulluqçularının gələcək bacarıqlarının inkişafı kimi mövzular üzrə fikir mübadiləsi aparıb. Hər bir komanda müəyyən edilmiş istiqamət üzrə konkret idarəetmə problemini təhlil edərək, onun həlli üçün innovativ təklif hazırlayıb.Komanda işləri çərçivəsində hazırlanmış təkliflər problemin mahiyyəti, təklif olunan həll yolu, innovativ yanaşma və gözlənilən təsir komponentlərini əhatə edən vahid model əsasında formalaşdırılıb. Beynəlxalq iştirakçılar öz təcrübələrini bölüşərək dövlət institutlarının daha səmərəli, inklüziv, dayanıqlı və gələcəyin çağırışlarına hazır olması istiqamətində birgə həll yolları üzərində çalışıblar.Proqramın yekun mərhələsində səkkiz komandanın hazırladığı həll təklifləri plenar sessiyada təqdim olunub. Müxbir - Günel Türksoy Fotoqraf - Səfiyar Məcnun