Bakı, 6 noyabr, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən biri olan 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbiri açan institutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun altı il əvvəl qazandığı möhtəşəm tarixi Qələbədən danışıb. Fərhad Quliyev vurğulayıb ki, otuz ilə yaxın davam edən işğala son qoyulması, doğma torpaqlarımızın azad edilməsi və xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin Zəfərlə nəticələnməsi Azərbaycan tarixinin ən şərəfli və taleyüklü hadisələrindən biridir. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyəti yalnız torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə məhdudlaşmır. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının sarsılmaz iradəsini, milli birliyini, dövlətimizin siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirib. “İlk növbədə, Azərbaycan xalqının və dövlətinin nüfuzu dünya meydanında müqayisəedilməz dərəcədə yüksəldi, dövlətimizin regionda yeganə aparıcı bir qüvvə mərkəzi statusunu təsbit etdi. Bütün dünya Azərbaycan xalqının qəhrəmanlığı və Azərbaycan dövlətinin gücünü qəbul etmək məcburiyyətində qaldı”, – deyə Fərhad Quliyev vurğulayıb. Daha sonra Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik, institutun Mülki müdafiə qərargahının rəisi Aqil Seyidov çıxış edib. Özünün şərəfli döyüş yolundan bəhs edən Aqil Seyidov Birinci və İkinci Qarabağ müharibələri dövründə Azərbaycan Ordusunun vəziyyətini, şəxsi heyətin hərbi-peşəkar hazırlığını, siyasi və mənəvi-psixoloji ruhunu müqayisəli şəkildə təhlil edib. O bildirib ki, İkinci Qarabağ müharibəsində əldə edilən parlaq Qələbə təsadüfi olmayıb. Bu Zəfər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının və həmin siyasəti qətiyyətlə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin, siyasi iradənin və prinsipial mövqeyin məntiqi nəticəsidir. Aqil Seyidov vurğulayıb ki, Vətən müharibəsi Azərbaycan Ordusunun dünyanın ən qabaqcıl orduları səviyyəsinə yüksəldiyini, onun yüksək döyüş hazırlığına, peşəkarlığa, müasir hərbi imkanlara və sarsılmaz mənəvi ruha malik olduğunu bütün dünyaya nümayiş etdirib. İnstitutun Həmkarlar Təşkilatının sədri Faiq Babayev xalqımızın tarixi Qələbəsinə və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Salam, Zəfər tağı!” şeirini səsləndirib. Şanlı Zəfərimizin altıncı ildönümünə həsr olunmuş tədbir Azərbaycan xalqının qəhrəmanlıq tarixinə, Vətən uğrunda fədakarlıq göstərmiş igidlərimizin xatirəsinə dərin ehtiram və milli qürur ruhunda başa çatıb.