TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ''TRT World Forum-2026''da çıxış etdi

İstanbul Konqres Mərkəzində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən 10-cu TRT World Forum-un açılışında çıxış edən TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı tədbirə 43 ölkədən 150-dək məruzəçi və 2000-ə yaxın qonağın qatıldığını bildirib.

Builki forumun “Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur?” mövzusuna həsr olunduğunu deyən Sobacı beynəlxalq hüququn kobud güc tətbiqi qarşısında təsirini itirdiyini vurğulayıb. O bildirib ki, 1945-ci ildən sonra qurulan qlobal nizam sürətlə parçalanır.

Türkiyənin sülhməramlı roluna diqqət çəkən Sobacı rəsmi Ankaranın Rusiya-Ukrayna, Afrika və Suriya böhranlarında vasitəçilik missiyasını xatırladıb: "Dünya mərkəzini itirmiş ola bilər, lakin həll yolu axtaranlar hansı qapını döyəcəklərini çox yaxşı bilirlər".

Qlobal rəqəmsal platformaların siyasətinə də toxunan Baş direktor bir neçə texnologiya şirkətinin alqoritmlər vasitəsilə "qlobal alqoritmik qəyyumluq" yaradaraq məzlumların səsini kəsməyə çalışdığını diqqətə çatdırıb.

TRT-nin yayım prinsiplərindən danışan Mehmet Zahid Sobacı vurğulayıb ki, yayımçının ən böyük sərvəti etibardır. O, Türkiyənin hüquq və ədalət standartının TRT-nin də yayım standartı olduğunu bildirərək Prezident Rəcəb Tayyib Ərdoğanın illər əvvəl səsləndirdiyi "Dünya beşdən böyükdür" çağırışının bu gün Türkiyəni etibarlı bir sığınacağa çevirdiyini qeyd edib.