Bakı, 6 noyabr, AZƏRTAC Qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etməsinə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik qorunur, şaxələndirmə siyasəti isə öz bəhrəsini verir. Strategiya dövrünün yekunlarına əsasən qeyri-neft-qaz sektorunda orta illik artımın 5,2 faiz olacağı gözlənilir ki, bu da qarşıya qoyulmuş hədəfi üstələyir.AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib. O diqqətə çatdırıb ki, cari ilin yanvar-sentyabr aylarında iqtisadi artım 1,5 faiz təşkil edib. “Qeyri-neft-qaz sektoru 2,6 faiz böyüyərək artımın əsas mənbəyinə çevrilib, bu sektorun ÜDM-dəki payı isə 70 faizi ötüb. İlin yekununda ÜDM-in 1,7 faiz, qeyri-neft-qaz ÜDM-in isə 3,1 faiz artacağı proqnozlaşdırılır”, - deyə nazir müavini bildirib.A.Axundov artımın strukturunda emal sənayesi, nəqliyyat və informasiya texnologiyalarının önə çıxdığını qeyd edərək deyib: “Qeyri-neft-qaz emal sənayesində əlavə dəyər 6,6 faiz, nəqliyyat və anbar təsərrüfatında 10 faiz, informasiya və rabitədə 11,1 faiz artıb. Ümumilikdə xidmət sektorunun bütün sahələrində artım qeydə alınıb. Daxili tələb də güclü qalır. Əhalinin istehlakı real ifadədə 4,6 faiz yüksəlib”. Fotoqraf - Aydın Məmmədov