Ağcabədidə ər-arvad iki azyaşlı uşağı olan qadına qarşı dələduzluq ediblər.
Oxu.az-a istinadən, hadisə rayonun Avşar kəndində baş verib.
Kənd sakini Səhərgül Mərdanovanın iki azyaşlı övladının əlilliyə görə aldığı pensiya dayandırılıb. Qadın ödənişlərin bərpa olunması üçün müxtəlif şəxslərdən kömək istəyib.
Həyat yoldaşından ayrılan qadın bu məqsədlə bir neçə şəxslə əlaqə saxlayıb. Həmin vaxt qonşusu ona “Haqq səsi” qəzetinin redaksiyasında işlədiyini və bu məsələnin həllinə kömək edə biləcək bir şəxsi tanıdığını bildirib. Daha sonra Səhərgül Mərdanovanı qəzetin baş redaktoru Elxan Məhərrəmovla görüşdürüb.
Elxan Məhərrəmov qadını inandıraraq oğlu Elvinin və gəlini Mahirənin ona kömək edə biləcəyini söyləyib.
O, gəlininin Türkiyədə təhsil aldığını və hüquqşünas kimi fəaliyyət göstərdiyini bildirib. Səhərgül Mərdanova Elvin və Mahirə ilə görüşmək istədiyini deyib.
Bir müddət sonra ər-arvad Avşar kəndinə, Səhərgülün evinə gəliblər. Onlar qadını övladlarının pensiyalarını bərpa edəcəklərinə inandırıblar. Bu vədlə ondan ilk olaraq 762 manat alıblar.
Bir neçə gün sonra Elvin və Mahirə qadından lazımi sənədləri istəyiblər. Övladlarının pensiyalarının bərpa olunacağına inanan qadın bütün sənədləri onlara təqdim edib.
Bir müddət sonra Mahirə yenidən qadına zəng edərək sənədlərin imzalanma mərhələsində olduğunu bildirib və əlavə 400 manat tələb edib. Səhərgül Mərdanova həmin məbləği də onlara verib.
Pulu aldıqdan sonra ər-arvad bir müddət qadına yalan vədlər verməyə davam etsələr də, sonradan onunla əlaqəni kəsiblər.
Bundan sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Elvin və Mahirə saxlanılıblar.
Faktla bağlı başlanılan cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Mahirəyə iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.
Elvin Məhərrəmov isə iki il iki ay müddətinə azadlıqdan məhrum edilib.