“Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib

Media və Yayım Şurasında “Azərbaycan mediasının Vətən müharibəsi salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masaya moderatorluq edən Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli tarixi Zəfərin Azərbaycan mediasının inkişafında mühüm mərhələ olduğunu, Vətən müharibəsi dövründə milli informasiya məkanında həmrəyliyin və vətəndaş məsuliyyətinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətlərinin və beynəlxalq media qurumlarına verdiyi müsahibələrin ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Birinci Qarabağ və Vətən müharibələrinin iştirakçısı, müharibə mövzusunda sənədli kitabların müəllifi İlham Tumas cəbhə bölgələrindən operativ və dəqiq məlumatların ictimaiyyətə çatdırılması, Ermənistanın yaydığı dezinformasiyaların qarşısının alınması və müharibə həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində jurnalistlərin fəaliyyətini xüsusi qeyd edib.

İkinci Qarabağ müharibəsinin iştirakçısı, ARB-nin şöbə müdiri Mail Əsgərov müharibə dövründə jurnalistlərin peşəkarlığının, vətənpərvər mövqeyinin və informasiya məsuliyyətinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib. O, bu təcrübənin gənc jurnalistlərə ötürülməsinin və onların müasir informasiya mühitinin çağırışlarına hazırlıqlı yetişdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş Bəhruz Məmmədzadə müharibədə ideoloji qələbənin vacibliyini vurğulayıb. O, Vətən müharibəsinin yalnız hərbi əməliyyatlarla deyil, eyni zamanda informasiya və ideoloji müstəvidə aparılan mübarizə ilə də yadda qaldığını bildirib.

Vətən müharibəsi iştirakçısı, qazi jurnalist Məğrur Əliyev çıxışında Qarabağda tarix yazan gənclərin şücaətindən söhbət açıb, ölkəmizin ərazi bütövlüyünün bərpasında iştirak edən qəhrəmanların igidlik və fədakarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

İkinci Qarabağ müharibəsinin iştirakçısı, Baku TV-nin hərbi jurnalisti Fərdin İsazadə və İctimai Televiziyanın əməkdaşı Araz Xan müharibə şəraitində informasiyanın ictimaiyyətə düzgün, operativ və obyektiv şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər.

Dəyirmi masada, həmçinin müharibədə və döyüş bölgələrində fəaliyyət göstərmiş digər jurnalistlərin çıxışları dinlənilib, onların Vətən müharibəsi dövründəki fəaliyyəti, şahidi olduqları hadisələr və qazandıqları peşəkar təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində Vətən müharibəsinin gedişatını, tarixi Zəfərə aparan yolu və həmin dövrdə yaşanan əlamətdar anları əks etdirən videoçarx da təqdim edilib.