Amerikalı aktrisa, Lifetime telekanalının “The Best Version of Love” (“Sevginin ən yaxşı versiyası”) televiziya filmindən tanınan Nataşa Uilson Los-Ancelesdəki parklardan birində itin hücumuna məruz qalaraq üzündən ciddi xəsarət alıb. Fransız buldoqunu qorumağa çalışan aktrisanın özü aqressiv heyvanın qurbanına çevrilib.
Bu barədə New York Post qəzeti yazıb.
Nəşrin məhkəmə iddiasına istinadən verdiyi məlumata görə, hadisə 2024-cü il noyabrın 7-də Qərbi Hollivuddakı itlər üçün nəzərdə tutulmuş parkda baş verib. Uilson ev heyvanını gəzdirərkən Qreqori Marsel və onun Sraffy adlı iti ilə qarşılaşıb.
Sraffy aktrisanın fransız buldoquna yaxınlaşan zaman Uilson ev heyvanını qorumaq üçün onu qucağına götürüb. Lakin it aktrisaya hücum edib və nəticədə o, öz itini əlindən yerə salıb.
İş materiallarına əsasən, hücum zamanı heyvan aktrisanın üzündən, sağ qaşının üstündən dişləyərək dərin, cırılmış yara açıb və qanaxmaya səbəb olub.
Hadisədən sonra aktrisanın yarasına tikiş qoyulub və ona antibiotiklər təyin edilib.
Lakin hadisənin nəticələri adi zədədən daha ciddi olub. İddia ərizəsinə görə, Uilsonun üzündə daimi, nəzərəçarpan və ağrılı çapıq qalıb. Hücum həmçinin qaşının formasını və həmin nahiyədə tüklərin uzanma istiqamətini dəyişib, sağ qaşının hərəkəti isə məhdudlaşıb.
Aktrisaya çapığın korreksiyası üçün əməliyyat və əlavə müalicə tövsiyə edilib.
Fiziki fəsadlarla yanaşı, Uilson hücumun peşəkar fəaliyyətinə də ciddi təsir göstərdiyini iddia edir. Aldığı xəsarətlər səbəbindən o, adi işini görə bilməyib və gəlirlərinin bir hissəsini itirib. İddia ərizəsində onun gələcək karyera perspektivlərinə də zərər dəydiyi qeyd olunur.
Aktrisa indi itin sahibindən tibbi xərclərin, itirilmiş əməkhaqqının və əmək qabiliyyətinin azalması ilə bağlı zərərin ödənilməsini tələb edir.