Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülmüşdü.
2026-cı ildə bu rəqəm 65 dollar oldu.
2027-ci ilin dövlət büdcəsi layihəsində də bir barrel neft 65 dollardan götürülüb.
Ümumiyyətlə, Azərbaycan hökumətinin ortamüddətli büdcə proqnozlarında 2027-2030-cu illər üçün neftin bir barrelinin qiyməti baza ssenarisində 65 dollar götürülüb.
Nazirlər Kabinetinin 24 sentyabr 2026-cı il tarixli məlumatında bildirilib ki, 2027–2030-cu illər üzrə makroiqtisadi proqnozlarda və büdcə hesablamalarında neftin bir barrelinin qiyməti 65 dollar qəbul edilib.
Bəlli olduğu kimi, fevralın 28-dən bəri İran ətrafında artıb-azalan gərginlik üzündən dünyada neft qiymətləri bahalaşıb. Nəticədə yanvar-sentyabr aylarında “AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin orta satış qiyməti 96,1 dollar olub. Bu, 65 dollarlıq büdcə göstəricisindən 31,1 dollar (faiz hesabı ilə götürdükdə 47,8%) yuxarı qiymətdir.
Azərbaycan hökumətinin 2027–2030-cu illər üçün neftin bir barrelinin qiymətini 65 dollar götürməsi nə dərəcədə əsaslandırılmış yanaşmadır? Bu rəqəm real bazar perspektivlərini əks etdirir, yoxsa büdcə risklərini azaltmaq üçün ehtiyatlı proqnoz kimi seçilib?
Qarşıdakı illərdə dünya enerji bazarında neftə tələbatın dəyişməsi, alternativ enerji mənbələrinin genişlənməsi və geosiyasi amillər nəzərə alınarsa, 65 dollar uzunmüddətli büdcə planlaşdırması üçün etibarlı göstəricidirmi?
Medianews.az-ın suallarını cavablandıran iqtisadçı Xalid Kərimli deyib ki, bir ay sonra qiymətlərin necə olacağını heç kim dəqiq müəyyənləşdirə bilməz. Onun sözlərinə görə, bu, sadəcə proqnozdur: “Burada əsas məqam 2027-ci il üçün verilən proqnozdur. Əgər 2027-ci ildə qiymətlər aşağı düşərsə, 2028-ci ilin büdcəsi hazırlanarkən bu amil nəzərə alınacaq.
2027–2030-cu illər üzrə proqnozlar iqtisadi artım göstəricilərini müəyyənləşdirmək və ümumi istiqaməti göstərmək məqsədilə verilib. Büdcə üçün isə yalnız 2027-ci ilin proqnozu əsas götürülüb. 2028-ci ilin büdcəsinin hazırlanmasına 2027-ci ilin fevral-mart aylarından başlanacaq. Həmin prosesdə 2028-ci ildə qiymətlərin hansı səviyyədə olacağı ilə bağlı müəyyən təsəvvür formalaşacaq. Yəni qeyd etdiyim kimi, istənilən proqnozun reallaşmasına mane ola biləcək çoxsaylı hadisələr baş verə bilər.
Yalnız 2027-ci il üçün götürülən neft qiymətinin, yəni büdcənin planlaşdırılmasında istifadə olunan qiymətin xüsusi əhəmiyyəti var. Məhz bu göstərici əsasında icmal büdcə və dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılıb. 2028, 2029 və 2030-cu illər üzrə göstəricilərə isə hər il yenidən baxılacaq və dəqiqləşdiriləcək.
Digər tərəfdən, 65 dollar hazırda ehtiyatlı deyil, kifayət qədər realist proqnozdur. Əgər İranda müharibə birdəfəlik dayansa və Hörmüz boğazı açılsa, neftin hazırda 100 dollardan yuxarı olan qiyməti sürətlə aşağı düşə bilər. Hətta ABŞ-da noyabrın 3-də Konqresin yuxarı və aşağı palatalarına keçirilən aralıq seçkilərin nəticələri bəlli olduqdan sonra qiymətlər xeyli düşdü. Qiymətlər bu sürətlə 70-80 dollar intervalına enə, sonrakı dövrlərdə isə 65 dollara da düşə bilər.
Bu baxımdan 65 dolları ehtiyatlı deyil, realist proqnoz kimi görürəm. Müharibə yenidən başlasa, qiymətlər artacaq, müharibə uzansa və ya dayansa, azala bilər. Müharibənin başlayıb-başlamaması və neft qiymətlərinə təsiri isə bizim hökumətin nəzarətində deyil, bu, əsasən ABŞ-nin qərarlarından asılı məsələdir.
Ölkəmizdə uzunmüddətli büdcə planlaşdırılması həyata keçirilmir. Dediyim kimi, illik büdcə planlaşdırılması aparılır.
2027-ci ildə aydın olsa ki, 2028-ci ildə neft qiymətləri aşağı düşəcək, onda həmin ilin büdcəsi də buna uyğun hazırlanacaq”.