Vüqar Bayramov: "Dəfn müavinəti vəfat edən şəxslərin ailələrinə verilməlidir"

Dəfn müavinəti bütün vəfat edən şəxslərin ailələrinə verilməlidir.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O təklif edib ki, dəfn müavinəti işləməyən şəxslər üçün də nəzərdə tutulsun: "Çünki mövcud qaydalara əsasən, dövlət qulluqçularına, ömürlük pensiya alanlara, yaşa və ailə başçısını itirməyə görə pensiya təyin edilmiş şəxslərə, eləcə də işsizlikdən sığorta haqqında qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslərə və pensiya alan digər vətəndaşlarımıza vəfat etdikləri zaman ailələrinə dəfn pulu ödənilir. Amma bu, o deməkdir ki, işləməyən vətəndaşlarımız dünyasını dəyişdikdə onların ailələrinə dəfn pulu ödənilmir".

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda vəfat edən vətəndaşların sayı 53 806 nəfər olub: "Onların 62,6 faizi 65 və daha yuxarı yaşda olan şəxslərdir. Həmin şəxslərin də böyük hissəsi pensiya alan vətəndaşlarımızdır. Yəni rəqəmlərə nəzər salsaq, işləməyən vətəndaşlarımız vəfat etdikdə onların ailələrinə dəfn müavinətinin ödənilməsi dövlət büdcəsi, eləcə də Dövlət Sosial Müdafiə Fondu üçün əlavə xərc yaratmır. Ona görə də təklif etmək istərdim ki, dəfn pulu universal qaydada vəfat edən bütün şəxslərin ailələrinə ödənilsin. Xüsusilə işləməyən vətəndaşların ailələrinin belə sosial dəstəyə daha çox ehtiyacı var".