İspaniyanın "Tenerife" klubunun hücumçusu Xesus de Miquelin vəfatı futbol ictimaiyyətində böyük kədərə səbəb olub. Ulduz futbolçular Lionel Messi, Kilian Mbappe və FIFA prezidenti Canni İnfantino mərhumun ailəsinə başsağlığı veriblər.
30 yaşlı futbolçu noyabrın 2-də İspaniya çempionatının II divizionunun XII turunda "Andorra" ilə keçirilən oyunda ağır zədə alıb.
Qarşılaşmanın sonlarında, hesab 2:2 olarkən "Andorra"nın qapıçısı Xesus Ovono qapısından irəli çıxaraq topa müdaxilə etmək istəyib. Bu zaman o, De Miquellə sərt şəkildə toqquşub. Zərbədən sonra yerə yıxılan hücumçu huşunu itirib.
Hadisə yerində futbolçuya bir neçə dəqiqə tibbi yardım göstərilib və o, təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Məlum olub ki, De Miquelin ürəyi dayanıb. Həkimlər təcili yardım avtomobilində onun ürək fəaliyyətini bərpa etsələr də, futbolçunun vəziyyəti sonradan ağırlaşıb. Noyabrın 3-də "Tenerife" klubu onun vəfat etdiyini açıqlayıb.
Futbolçunun ölümü dünya ulduzlarını da kədərləndirib. Kilian Mbappe sosial şəbəkə hesabında "Çox kədərlidir. Söz tapmıram. Ruhun şad olsun" mesajını paylaşıb.
Lionel Messi isə mərhumun ailəsinə və yaxınlarına dəstək ifadə edib:
"Söz tapa bilmirəm... Ailəsinə və dostlarına başsağlığı verir, onlara güc arzulayıram".
FIFA prezidenti Canni İnfantino da hadisəni böyük faciə adlandırıb. O, futbol ictimaiyyəti adından De Miquelin ailəsinə və yaxınlarına başsağlığı verib.
Pedri, Əşrəf Hakimi, Tibo Kurtua, Eder Militao və David de Xea da mərhum futbolçu ilə bağlı başsağlığı mesajları yayımlayıblar. "Real Madrid", "Barselona", "Atletiko", "Arsenal", "Bavariya", "Liverpul" və "Mançester Yunayted" klubları da kədərlərini bölüşüblər.
UEFA prezidenti Aleksander Çeferin isə təşkilatın baş verənlərdən sarsıldığını bildirib. UEFA-nın qərarına əsasən, bu həftə keçiriləcək bütün avrokubok oyunlarından əvvəl Xesus de Miquelin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
İspaniya Futbol Federasiyası da faciə ilə əlaqədar noyabrın 3-nə planlaşdırılan Kral Kubokunun iki, Qadınlar Kral Kubokunun isə bir oyununu təxirə salıb.
Hadisə ilə bağlı İspaniya polisi araşdırmaya başlayıb. İlkin məlumatlara görə, istintaq ehtiyatsızlıqdan ölümə səbəb olma ehtimalını da araşdırır. Bununla belə, yerli prokurorluğun rəhbəri qapıçı barəsində cinayət təqibinin başlanmasını az ehtimallı hesab edir.
Qeyd edək ki, hadisədən sonra "Andorra"nın qapıçısı Xesus Ovono sosial şəbəkələrdə təhqir və təzyiqlərlə üzləşib. Hətta eyni soyadı daşıyan, hadisədə heç bir iştirakı olmayan digər futbolçu Mişel Ovono da sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb. O, irqçi təhqirlər və hədələrlə üzləşdiyini açıqlayıb.