Azərbaycanda doğuma görə müavinət ödənişləri 12% artıb

Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında uşağın anadan olmasına görə valideynlərə edilən birdəfəlik müavinət ödənişlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 651 və ya 11,8% artıb.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatlarına istinadən, bu ilin ilk 10 ayında 72 655 uşağın anadan olmasına görə valideynlərə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödənilib.

2025-ci ilin eyni dövründə isə 65 004 uşağın anadan olmasına görə müavinət ödənilmişdi.

Məlumata əsasən, 2026-cı ilin yanvar–oktyabr aylarında müavinət ödənişləri 34 038 qız və 38 617 oğlan uşağının anadan olmasına görə həyata keçirilib.

Ötən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 30 552 və 34 452 təşkil etmişdi.

Beləliklə, illik müqayisədə qız uşaqlarının doğulmasına görə müavinət ödənişlərinin sayı 3 486 və ya 11,4%, oğlan uşaqlarının doğulmasına görə isə 4 165 və ya 12,1% artıb.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət valideynlərə ayrıca müraciət tələb olunmadan, proaktiv qaydada təyin edilir.