Bakı, 3 noyabr, AZƏRTAC Bu ilin may ayında Azərbaycanda ilk dəfə Kəlbəcər Aşıq Festivalına start verilib. Festivalın əsas məqsədi qədim ozan-aşıq sənətinin ənənələrini yaşatmaq, inkişaf etdirmək və geniş miqyasda təbliğ etməkdir.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə deyib.Onun sözlərinə görə, festival Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Festival çərçivəsində bir sıra tədbirlər, elmi seminar və konfranslar təşkil olunub. Görkəmli ustad aşıqlarla görüşlər keçirilib, tələbələr üçün ustad dərsləri təşkil edilib. May ayında Azərbaycan Milli Konservatoriyasında aşıq müsabiqəsi də baş tutub.“Festivalın diqqətəlayiq tədbirlərindən biri Azərbaycan Milli Konservatoriyasının və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrindən ibarət saz orkestrinin yaradılması olub. Ümumilikdə, festival proqramına elmi və praktiki əhəmiyyət daşıyan müxtəlif tədbirlər daxil edilib. Düşünürəm ki, bütün bunlar Azərbaycan aşıq sənətinin inkişafına təkan verəcək. Ümid edirəm ki, I Kəlbəcər Aşıq Festivalı gələcəkdə də davamlı şəkildə keçiriləcək və aşıq sənətinin inkişafına töhfə verəcək”, – deyə K.Dadaş-zadə əlavə edib. Müxbir – Günel Alıyeva Foto – Orxan Kərimov