Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalist Anna Gevorkyan və "İravunk Tert" MMC-ni böhtan iddiası ilə məhkəməyə verib. Buna səbəb onun Anna Akopyanla ayrılmasının səbəbləri barədə yayılan materiallardır. Paşinyan təkzibin dərc olunmasını və 4 milyon dram (təxminən 11 min dollar) məbləğində təzminat ödənilməsini tələb edir.
Bu barədə Ermənistanın "Hetq" nəşri məlumat yayıb.
İddianın səbəbi 2026-cı il sentyabrın 30-da və oktyabrın 5-də dərc olunan materiallardır. Həmin yazılarda Paşinyan və Akopyanın birlikdə topladıqları kapitalı leqallaşdırmaq, əmlakı Akopyanın adına rəsmiləşdirmək, eləcə də Avropada daşınmaz əmlak almaq niyyətində olduqları iddia edilib. Xüsusilə, Parisin mərkəzində 5,7 milyon avro dəyərində ev alındığı bildirilib.
Nəşrlərdə, həmçinin Akopyanın 2018-2020-ci illərdə İsveçrəyə səfərləri və bu səfərlərin mümkün maliyyə axınları ilə əlaqəsi barədə məlumatlara yer verilib.
Paşinyan yayılan məlumatları yalan və böhtan xarakterli hesab edir. O, cavabdehlərdən məhkəmə qərarı qüvvəyə mindikdən sonra 5 iş günü ərzində həmin platformalarda təkzib dərc etməyi tələb edir.
İş hakim Qayane Mazmanyanın icraatına verilib. İddianın icraata qəbul edilib-edilməməsi ilə bağlı hələlik qərar verilməyib.
Xatırladaq ki, Anna Akopyan 2026-cı ilin fevralında Nikol Paşinyan vətəndaş nikahına son qoyulduğunu açıqlamışdı.