Qətərin “Nakilat” şirkətinə məxsus “Al Mayeda” qazdaşıyan gəmisi Fars körfəzində hücuma məruz qalıb. Hadisə oktyabrın 30-da baş verib.
Bu barədə gəminin sahibi olan şirkətin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, gəmi Fars körfəzindən keçərkən naməlum obyektlərin hücumuna məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvləri xəsarət almayıb, ətraf mühitə hər hansı təhlükə qeydə alınmayıb.
“Nakilat” şirkətinin əməkdaşları hazırda vəziyyəti izləyir və gəmiyə dəymiş zərəri qiymətləndirirlər.
Qeyd edək ki, oktyabrın 21-də Oman sahillərində, Hörmüz boğazı yaxınlığında başqa bir tanker də naməlum mərminin hücumuna məruz qalmışdı. Hadisədən sonra gəmidə baş verən yanğın söndürülmüşdü. Bu insidentdən sonra Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı tövsiyə etmişdi.