"El-Klasiko" zamanı evi qarət edildi

"Real"ın müdafiəçisi Eder Militaonun evinə oğrular girib.

Bu barədə "El Mundo" nəşri məlumat yayıb.

Hadisə İspaniya La Liqasının 10-cu turunda keçirilən "Real" - "Barselona" matçı (2:1) zamanı baş verib.

Oğrular futbolçunun La Moraleha adlı elit yaşayış massivində yerləşən evinə üçüncü mərtəbədəki vanna otağının pəncərəsindən daxil olublar. Onlar ümumilikdə 350 min avrodan çox dəyəri olan saat və zinət əşyalarını oğurlayıblar. Həmin vaxt Militaonun ailə üzvləri evin birinci mərtəbəsində oyunu izləyirmişlər.

Futbolçu evə qayıtdıqdan sonra qiymətli əşyaların itdiyini aşkar edib. Hadisə yerinə polis əməkdaşları və yaşayış kompleksinin özəl mühafizə xidmətinin nümayəndələri gəliblər.