Fransa hökuməti Prezident Emmanuel Makronun siyasətinə, eləcə də dövlət xidmətlərinin vəziyyətinə və yaşayış xərclərinin artmasına qarşı oktyabrın 31-də gözlənilən ümummilli etirazlar zamanı mümkün iğtişaşların qarşısına 70 min polis əməkdaşını cəlb edəcək.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Məlumata görə, daxili işlər naziri Loran Nünyes deyib ki, ictimai asayişin hər hansı formada pozulmasına qarşı son dərəcə sərt reaksiya vermək üçün bütün qüvvələr səfərbər olunub.
O, aksiyaların keçiriləcəyi günü "çox yüksək riskli dövr" kimi qiymətləndirib. Hakimiyyət orqanları iğtişaş iştirakçılarının öz kimliklərini gizlətmək üçün "Halloween" maskalarından istifadə edə biləcəyindən narahatdırlar. Mövcud qanunvericilik ictimai təhlükəsizliyə təhdid yarandığı hallarda polisə maska taxılmasını qadağan etmək hüququ verir.
Parisin Muxtar Nəqliyyat Agentliyi (RATP) öz növbəsində kütləvi aksiyalarla əlaqədar paytaxtda 40 metro stansiyasının müvəqqəti olaraq fəaliyyətini dayandıracağını elan edib.
"Polis prefekturasının tələbi əsasında və təhlükəsizlik məqsədilə stansiyalar şənbə günü bağlanacaq", - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Fransada 2027-ci ilin büdcəsinin müzakirəsi fonunda sentyabrın 29-dan etibarən kütləvi etiraz dalğası başlayıb və qısa müddətdə demək olar ki, bütün ölkəni bürüyüb: şagirdlər tədris şəraitinin yaxşılaşdırılmasını və müəllim çatışmazlığı probleminin həllini tələb ediblər. Məktəblərin və universitet sisteminin vəziyyətindən narazı olan tələbələrin etirazlarına sonradan həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatı da qoşulub.