“Vikinq” “Sabah”ın yolunu gözləyir

Məlum olduğu kimi, Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” növbəti oyunu noyabrın 4-də keçirəcək.

Bakı vaxtı ilə 00.00-da Stavanger şəhərində yerləşən, 15900 yerlik “Lays Arena”da başlayacaq oyunda “bayquşlar”ın rəqibi “Vikiniq” olacaq. Artıq “Sabah sosial şəbəkə hesablarında paylaşım edərək, Norveçdə yaşayan soydaşlarımızı komandanı dəstəkləməyə çağırıb. Paytaxt klubunun azarkeşləri üçün ayrılan sektora “sabahfc041126away” promokodu ilə ucuz bilet almaq mümkündü. Xüsusi endirim vasitəsilə qiymət 249 Norveç kronu - 46 manat təşkil edir.

Bəs Norveçdə yaşayan azərbaycanlılar oyuna maraq göstərirmi, Ümumiyyətlə, qonaq komanda üçün neçə yer ayrılıb?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb:

“Bəli, müraciətlər olub. Artıq 200-dən çox şəxs bizlə əlaqə saxlayıb. Komandamızın azarkeşlərinə ayrılan yerin sayı müraciətdən asılı olacaq. Təxminən 220 soydaşımızın bizi dəstəkləməsi gözlənilir”.

Bizdə olan bilgiyə görə, Norveçdə də oyuna inanılmaz maraq göstərirlər. "Vikinq" azarkeşləri üçün nəzərdə tutulan bütün biletlər satılıb.