Orxan Məmmədzadə: Xarici bazara çıxışdan əvvəl bu səhvləri etməyin!

Rəqabət mühitinin təhlili və qiymətlərin yerli bazara uyğunlaşdırılması hər bir biznes araşdırması zamanı nəzərə alınan adi məsələlərdir. Lakin ən maraqlı məqam hər bir ölkənin mədəni xüsusiyyətlərinin və istehlakçı psixologiyasının öyrənilməsidir.

Bunu Bakıda keçirilən TEI Forum 2026 (Trade, Export & Innovation Forum) çərçivəsində təşkil edilən panel müzakirəsinin moderatoru, “BMG International” şirkətinin təsisçisi və Baş icraçı direktoru (CEO) Orxan Məmmədzadə deyib.

O qeyd edib ki, bizneslərin okallaşdırma strategiyası, qiymətlərin uyğunlaşdırılması, kommunikasiya və satış yanaşmaları yerli bazarın gözləntilərinə cavab verməlidir:

“Strategiya, məhsulun bazara uyğunluğu, bazara çıxış əməliyyatları və ən vacib məsələlərdən biri maliyyə dayanıqlığıdır. Çünki bir çox biznes subyekti fəaliyyətə başlamazdan əvvəl bütün zəruri göstəriciləri düzgün qiymətləndirə bilmədiyi üçün vaxtını, enerjisini və sahib olduğu bütün aktivlərini itirir.

Bəs nə etmək lazımdır? Düzgün biznes planı hazırlamalı və biznesinizi əvvəlcədən əldə etdiyiniz rəqəmsal göstəricilərlə uyğunlaşdırmalısınız.

Birbaşa ixrac, yerli distribütorlar, strateji tərəfdaşlıqlar, birgə müəssisələr və yerli bazarda fiziki mövcudluq müxtəlif ölkələrdə biznesin inkişafı üçün perspektiv yaradan vasitələrdir.

Siz əvvəlcə öz yerli bazarınızda təcrübə qazana bilərsiniz. Bundan sonra həmin təcrübəni digər bazarlarda tətbiq etmək bacarığına malik olmalısınız.

Bunlar biznesinizi müflisləşməyə aparacaq bəzi çatışmazlıqlar və səhvlərdir. Buna görə də hər hansı addım atmazdan əvvəl onları nəzərə almalısınız.

Bəzən bu problemlərin qarşısını başlanğıcda almaq mümkün olmur. Lakin belə problemlərin ortaya çıxdığını görürsünüzsə, fəaliyyətinizi davam etdirməzdən əvvəl iki dəfə düşünməlisiniz”.

O. Məmmədzadə vurğulayıb ki, əsas səhvlərdən biri tələbatı təsdiqləmədən yeni bazarlara daxil olmaqdır:

“Digər səhv yerli rəqabəti lazımi səviyyədə qiymətləndirməməkdir. Çünki hər kəs müəyyən ölkələrin biznesin inkişafı üçün açıq olduğunu söyləyə bilər. Siz də həmin bazara daxil olacağınıza və oradakı yerli iştirakçılardan daha yaxşı fəaliyyət göstərəcəyinizə əmin ola bilərsiniz”.