Gürcüstanda qanunsuz yaşayan azərbaycanlılar saxlanıldı - VİDEO

Gürcüstanda qanunsuz yaşayan 61 xarici ölkə vətəndaşı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə ərazisində xüsusi miqrasiya nəzarəti tədbirləri keçiriblər.

Keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 61 əcnəbi saxlanılıb. Onların arasında Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Tailand, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Xüsusi miqrasiya nəzarəti çərçivəsində müxtəlif təyinatlı obyektlərdə yoxlamalar aparılıb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin Gürcüstanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq yaşadıqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar.

Onların Gürcüstan ərazisindən çıxarılması istiqamətində müvafiq prosedurlar həyata keçirilir.