Azərbaycanda qadınlar arasında işsizlik səviyyəsi kişilərlə müqayisədə daha yüksəkdir. 2025-ci ilin yekunlarına əsasən, işsiz qadınların sayı kişilərin sayını 17 min nəfərdən çox üstələyib.
Banker.az saytının verdiyi məlumata görə, 2025-ci ilin sonunda ölkədə 148,2 min işsiz qadın və 130,9 min işsiz kişi qeydə alınıb. Beləliklə, işsiz əhalinin 53,1 faizini qadınlar, 46,9 faizini isə kişilər təşkil edib.
Qadınlar arasında işsizlik səviyyəsi 5,7 faiz, kişilər arasında isə 4,7 faiz olub. Ölkə üzrə ümumi işsizlik göstəricisi 5,2 faiz təşkil edib.
Əmək bazarının digər göstəricilərində də fərq müşahidə olunur. 2025-ci ilin sonunda məşğul qadınların sayı 2 milyon 453,4 min, kişilərin sayı isə 2 milyon 651,8 min nəfər olub. İşçi qüvvəsinin tərkibində isə 2 milyon 601,6 min qadın və 2 milyon 782,7 min kişi yer alıb.
Müqayisə üçün, 2024-cü ildə qadınlar arasında işsizlik səviyyəsi 6,1 faiz, kişilər arasında 4,6 faiz idi. Beləliklə, 2025-ci ildə qadınlar üzrə işsizlik göstəricisi 0,4 faiz bəndi azaldığı halda, kişilər üzrə 0,1 faiz bəndi yüksəlib.
Bu dəyişiklik nəticəsində qadın və kişilərin işsizlik göstəriciləri arasındakı fərq əvvəlki illə müqayisədə bir qədər azalıb.