Hörmətli cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz tarixi və proqram xarakterli çıxışınız, xüsusilə təhsil işçilərinin, gənclərin qarşısında müəyyənləşdirdiyiniz mühüm vəzifələr bizi daha böyük məsuliyyətlə çalışmağa sövq edir. Çıxışınızda gənclərin ideoloji tərbiyəsi, vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrimizin gələcək nəsillərə aşılanması ilə bağlı səsləndirdiyiniz fikirlər fəaliyyətimiz üçün mühüm istiqamət müəyyənləşdirir.

Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, Sizin uğurla davam etdirdiyiniz siyasi kursun və dövlətçilik ideyalarının təbliğinə hər zaman xüsusi önəm verən bir şəxs kimi deyə bilərəm ki, hər zaman xalqımızın, xüsusilə kəlbəcərlilərin Sizə bəslədiyi böyük sevginin, inamın və etimadın şahidi olmuşam.

Möhtərəm cənab Prezident!

Sizin dəfələrlə vurğuladığmız kimi, Kəlbəcərin 1993-cü ildə Ermənistan tərəfindən işğal edilməsi xalqımızın yaddaşında dərin iz buraxmışdır. Həmin ağır dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində və ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində həlledici rol oynamışdır. Yeni Azərbaycan Partiyasının yaranması və xalqımızın ətrafında sıx birləşməsi də müasir Azərbaycan tarixinin mühüm hadisələrindəndir.

Bu gün Sizin rəhbərliyinizlə, Müzəffər Ali Baş Komandan kimi qətiyyətli siyasətiniz və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi bərpa olunmuşdur. Hazırda doğma Kəlbəcərimizdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərə səfərləriniz, burada görülən işlərlə yaxından tanış olmağınız rayonumuzun gələcəyinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Sizin uzaqgörən siyasətiniz nəticəsində Kəlbəcər yenidən dirçəlir, müasir şəhərsalma nümunəsinə çevrilir, doğma yurdumuza qayıdan sakinlərimizin rahat və firavan yaşayışı üçün hər cür şərait yaradılır. Vaxtilə həsrətində olduğumuz torpaqlarda bu gün həyat yenidən canlanır, təhsil, mədəniyyət və sosial infrastruktur inkişaf edir. Kəlbəcərin öz tarixi şöhrətinə qovuşması hər bir kəlbəcərli kimi məni də sonsuz sevinc və qürur hissi ilə yaşadır. Mənim üçün ən böyük xoşbəxtlik və qürur mənbəyi azad olunmuş doğma Kəlbəcərimizdə təhsil işçisi kimi fəaliyyət göstərmək, gələcəyimiz olan gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Məktəbimizin pedaqoji kollektivi ilə birlikdə şagirdlərimizin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, dövlətinə və xalqına sədaqətli, bilikli və savadlı vətəndaşlar kimi formalaşması istiqamətində səylə çalışırıq. İnanırıq ki, sağlam ideoloji dünyagörüşünə malik, milli kimliyini dərindən dərk edən gənclərimiz Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaqlar.

Möhtərəm cənab Prezident!

Sizi əmin edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvü olan məktəbimizin bütün kollektivi azad və yenidən qurulan doğma Kəlbəcərimizin inkişafı, tərəqqisi və daha da çiçəklənməsi naminə bundan sonra da əzmlə çalışacağıq. Sizin müəyyənləşdirdiyiniz strateji hədəflərin həyata keçirilməsinə, dövlətçilik ideyalarının təbliğinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə öz töhfəmizi verməklə dövlətimizə, xalqımıza və Sizə sədaqətlə xidmət edəcəyik.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Vəsilə Cəfərova,

Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin direktoru, YAP Kəlbəcər rayon ərazi partiya təşkilatının sədri.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.