Türkiyə çempionatında bu gün 10-cu tura start verilir.
Açılış oyununda ''Qalatasaray'' ''Konyaspor''un qonağı olacaq. İstanbul nəhəngi dünən Konyaya yollanıb. Komanda hava limanında fanatlar tərəfindən pankartlar və təzahüratlarla coşqulu şəkildə qarşılanıb. Viktor Osimhenin adının iştirak ərizəsində olmasına rəğmən komanda ilə birlikdə Konyaya yollanmaması diqqət çəkib. Bu məqamın səbəbi daha sonra aydın olub.
Belə ki, cümə günü nigeriyalı ulduzun ikinci uşağı dünyaya göz açıb. Osimhen və Stefani Kim Ladeviq cütlüyünün Liora Odri adını verdikləri qız övladı dünyaya gəlib. 27 yaşlı futbolçu belə bir məqamda sevgilisini yalqız qoymaq istəməyib. ''Qalatasaray'' da bununla bağlı Osimhen üçün təbrik mesajı paylaşıb.
''Cim-Bom''un forvardı bu gün Konyaya yollanaraq komandanın düşərgəsinə qoşulacaq. Onun start heyətində meydana çıxacağı gözlənilir.
Osimhen Kamerun əsilli almaniyalı Stefani Ladeviq ilə 2018-dən birlikdədi. Onların 2022-də Heyli adını verdikləri ilk qızı dünyaya göz açmışdı. Yəni Osimhen ikinci dəfə qız atası oldu.