Bakı, 30 oktyabr, AZƏRTACOktyabrın 30-da Baş prokuror Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman ilə görüşüb.Bu barədə AZƏRTAC-a Baş Prokurorluqdan məlumat verilib. Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. Azərbaycan ilə Malayziya arasında mövcud dostluq münasibətlərinin, siyasi əlaqələrin və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı əməkdaşlığın hüquq-mühafizə sahəsində əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.Baş prokuror 2025-ci ilin may ayında Bakıda Baş Prokurorluq və BMT-nin GlobE Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilmiş Şəbəkənin 6-cı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası və Milli Maliyyə Cinayətləri ilə Mübarizə Mərkəzinin nümayəndə heyətlərinin iştirakını məmnunluqla qeyd edib.Həmçinin Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası nəzdində fəaliyyət göstərən Malayziya Korrupsiyaya Qarşı Mübarizə Akademiyası (MACA) ilə Azərbaycan prokurorluğu arasında formalaşmış əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Akademiyanın təlim və tədris proqramlarında Azərbaycan prokurorluq əməkdaşlarının iştirakının onların peşəkar bilik və praktiki bacarıqlarının artırılmasına, qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və xidməti fəaliyyətdə tətbiqinə imkan yaratdığı bildirilib.Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Abdul Halim Aman İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə görə təbriklərini ifadə edib, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda şahid olduğu inkişaf barədə təəssüratlarını bölüşüb. O, ölkələrimiz və müvafiq qurumlar arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsində, o cümlədən qabaqcıl təcrübə mübadiləsinin və peşəkar kadr hazırlığının inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.Görüşdə qurumlar arasında əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması, eləcə də qarşılıqlı təcrübə səfərlərinin təşkili məsələləri müzakirə olunub və bu istiqamətlərdə ilkin razılıq əldə edilib.Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkar edilməsi, araşdırılması və cinayət təqibinin həyata keçirilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın və aktivlərin izlənilməsi, bərpası və müsadirəsi, habelə korrupsiya risklərinin qiymətləndirilməsi sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.Tərəflər, həmçinin MACA-nın imkanlarından istifadə etməklə korrupsiya cinayətlərinin araşdırılması və təqibi üzrə ixtisaslaşdırılmış təlim və sertifikatlaşdırma proqramlarının təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini ziyarət edib.Qonaqlara Azərbaycan Prokurorluğunun tarixi, müxtəlif dövrlərdə fəaliyyəti və müasir inkişaf mərhələləri barədə məlumat verilib.