2026-cı ilin sentyabr ayında Azərbaycanda bankların manatla yeni verdikləri kreditlər üzrə orta illik faiz dərəcəsi 18,14%-ə enib. Bu, avqust ayındakı 18,83%-lə müqayisədə 0,69 faiz bəndi azdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabr ayı üzrə statistik bülletenində bildirilir.
Ötən ilin sentyabrında yeni verilmiş manat kreditlərinin orta faizi 18,27% təşkil etmişdi. Beləliklə, illik müqayisədə də 0,13 faiz bəndi azalma qeydə alınıb.
Bununla belə, kredit faizləri ilin əvvəlindəki səviyyəsindən hələ də yüksəkdir. Belə ki, 2026-cı ilin əvvəlinə yeni manat kreditləri üzrə orta faiz 17,69% olduğu halda, sentyabrın sonunda 18,14% təşkil edib. Bu isə 0,45 faiz bəndi artım deməkdir.
Xarici valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi isə avqustdakı 6,01%-dən sentyabrda 5,82%-ə enib. Ötən ilin eyni dövründə bu göstərici 5,60% idi.
Sentyabr ayında bankların manatla yeni cəlb etdiyi müddətli depozitlərin orta faiz dərəcəsi avqustdakı 8,10%-dən 8,28%-ə yüksəlib.
Beləliklə, yeni manat kreditləri ilə yeni cəlb edilmiş müddətli depozitlərin orta faizləri arasındakı fərq avqustdakı 10,73 faiz bəndindən sentyabrda 9,86 faiz bəndinə enib.
Ötən ilin sentyabrında isə bu fərq 11,74 faiz bəndi təşkil edirdi.
Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib ki, banklar sərbəst vəsaitlərini Mərkəzi Bankda yerləşdirməkdənsə, banklararası bazara və kreditləşməyə yönəltməlidirlər.
Onun sözlərinə görə, banklar hazırda vəsaitlərini Mərkəzi Bankda 5% gəlirliliklə yerləşdirməyə üstünlük verirlər.
AMB sədri qeyd edib ki, məqsəd bankların sərbəst vəsaitlərini bir-birlərinə yönəltməsini, kreditlərə tələb olduğu halda isə kreditləşməni daha da genişləndirməsini təşviq etməkdir.
Taleh Kazımov bundan əvvəl də kredit faizlərinin arzuolunan sürətlə azalmadığını bildirmiş və bunun əsas səbəblərindən biri kimi bank sektorunda rəqabətin zəifliyini göstərmişdi.
Qeyd edək ki, Mərkəzi Bank oktyabrın 29-da uçot dərəcəsini 6,5%, faiz dəhlizinin aşağı həddini 5%, yuxarı həddini isə 7,5% səviyyəsində dəyişməz saxlayıb.