Deputat xəbərçilik edənlərə mükafat verilməsini məqbul saymır

Milli Məclisin deputatı Razi Nurullayev korrupsiya faktları barədə məlumat verən şəxslərin mükafatlandırılmasını məqsədəuyğun hesab etmədiyini bildirib.

Onun fikrincə, əsas diqqət məlumat verənlərin təhlükəsizliyinin və hüquqlarının qorunmasına yönəldilməlidir.

Razi Nurullayev bildirib ki, vətəndaşlar korrupsiya faktları barədə məlumat verməzdən əvvəl iş yerlərini, gələcəklərini və ailələrinin vəziyyətini düşünürlər. Onun sözlərinə görə, insanlar təzyiqə məruz qalmaqdan, işlərini itirməkdən və müxtəlif maneələrlə üzləşməkdən ehtiyat etdikləri üçün qanunsuzluqlar barədə susmağa üstünlük verə bilərlər.

Deputat məlumat verən şəxslərin kimliyinin məxfiliyinin qorunmasının, onların işdən çıxarılması, vəzifələrinin aşağı salınması və digər təzyiq formalarının qarşısının alınmasının vacibliyini vurğulayıb.

O, eyni zamanda məlumatların obyektiv araşdırılmalı olduğunu, mexanizmin şəxsi münasibətlərin, qisasın və əsassız ittihamların alətinə çevrilməməli olduğunu qeyd edib. Deputatın fikrincə, həm məlumat verən, həm də barəsində məlumat verilən şəxsin hüquqları qorunmalıdır.

Maddi mükafatlandırma məsələsinə münasibət bildirən Razi Nurullayev bunun qanun layihəsində onu narahat edən əsas məqamlardan biri olduğunu deyib.

“Bir məsələni isə açıq və fonsuz dilə gətirmək istəyirəm. Mentalitetimiz və toplum olaraq mental baxışımıza görə xəbərçilik pis hal sayılır. Mental xüsusiyyətimizlə qanunun təsbitini uyğunlaşdırmaq çətin olacaq. Buna görə də mükafatın verilməsini məqbul saymıram, hərçənd ki, mükafat qanunun əsas ana xəttidir”, - deputat bildirib.

O əlavə edib ki, korrupsiya ilə mübarizədə əsas məqsəd mükafat deyil, qanunsuzluqların qarşısının alınması və dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi olmalıdır.