"Mənim atamın Ağdamda şəhərin mərkəzində 8 sot torpaqda 6 otaqlı evi var idi. Amma indi mənə Ağdamdan ev düşmür".
Bunu deputat Aqil Abbas Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, onun kimi yüzlərlə insan var.
"Mən 1970-ci ildən Bakıda yaşayıram,məcburi köçkün statusu daşımıram. Niyə atamın mülkündə mənə ev düşməsin? Mənə çox sayda müraciətlər var. Qaçqın, məcburi köçkün statusuna yenidən baxılmasını təklif edirəm. Demək, mən öz cibimin pulu ilə ev almalıyam. Niyə? çünki mənim Ağdam qeydiyyatım yoxdur".
Deputatın çıxışına spiker Sahibə Qafarova münasibət bildirib.
"Ağdamda bu qədər işlər görülür, niyə bu işlərə kölgə, ləkə salırsınız? Siz bir dəfə də demişdiniz ki, ağdamlılara yer verilmir. Bəs yeni tikilən Ağdamda kim yaşayır indi? Gərək bu məsələni indi burada bu qanunun müzakirəsi zamanı bunu deyərdiniz? Yəni sizin ayrı imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasız?!" - deyə Milli Məclisin sədri qeyd edib.
Günay Şahmar, Bizim.Media