“400 manatdan az gəliri olanlara pulsuz hüquqi yardım göstərilsin” - Fazil Mustafa

"Elə qanun qəbul etməliyik ki, bu, insanların həqiqətən də hüquqi xidmət almasına kömək etsin. Vəkillər Kollegiyası onsuz da bu istiqamətdə ciddi iş aparır, genişmiqyaslı humanist aksiyalar keçirir. Xüsusilə vəkillərin sayının artması müəyyən dərəcədə bu sahədəki problemlərin azalmasına səbəb olub. Pulsuz hüquqi yardımın müxtəlif təbəqələrə, o cümlədən şəhid ailələrinə və digər şəxslərə göstərilməsi də təmin edilir".

Bunu Milli Məclisin plenar iclasında parlamentin komitə sədri Fazil Mustafa “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsindən danışarkən dedi.

O vurğuladı ki, dövlətin ayırdığı vəsait hesabına pulsuz hüquqi yardımın həyata keçirilməsi müsbət addımdır və bunu dəstəkləyir:

"Lakin əsas sual budur: bu xidmət bütün ehtiyacı olan insanları əhatə edə biləcəkmi? Bu suala cavab verməliyik. Burada şəhid ailələri, müharibə veteranları və digər kateqoriyalar üzrə təsnifat aparılıb. Ancaq mən hesab edirəm ki, bölgü daha çox insanların maddi imkanlarının olub-olmaması əsasında aparılmalıdır. Bunun üçün meyar minimum əməkhaqqı ola bilər. Hazırda minimum əməkhaqqı 400 manatdır. Məsələn, 400 manatdan aşağı gəliri olan bütün vətəndaşlara bu xidmətin şamil edilməsi daha doğru olar.

İnsanları yalnız müəyyən kateqoriyalara bölmək düzgün yanaşma deyil. Elə müharibə veteranı var ki, obyekti və oradan yüksək gəliri var, elə insan da var ki, sosial təminat ala bilmir, ailəsinə cəmi 100-200 manat vəsait daxil olur. Təbii ki, sonuncunun hüquqi yardıma daha çox ehtiyacı var. Ona görə də qanunun tətbiqində əsas meyar ehtiyacı olan insanların müəyyənləşdirilməsi olmalıdır".

Deputat misal çəkdi ki, bəzi ölkələrdə paralel hüquqi yardım mexanizmi tətbiq olunur. Bu zaman hüquq təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər də müəyyən hüquqi xidmətlər göstərə bilirlər:

"Əvvəllər bizdə də nümayəndəlik institutu mövcud idi. Peşəkar hüquqi xidmətin təmin edilməsi məqsədilə bu institut aradan qaldırıldı. Ona görə də təklif edərdim ki, ilkin hüquqi xidmətlə peşəkar hüquqi xidmət arasındakı fərqi məhz bu qanun vasitəsilə müəyyənləşdirək. Qanun daha çox ilkin hüquqi xidmətin göstərilməsinə yönəlsin. Elə insanlar var ki, əvvəllər nümayəndə kimi öz qohumunun, yaxın adamının köməyindən pulsuz istifadə edirdi. İndi isə bu xidmət pullu və bahalı olduğuna, maddi imkanları çatmadığına görə məhkəməyə müraciət etməkdən çəkinir, hətta bundan imtina edir. Nəticədə hüquqlarını müdafiə edə bilmir.

Biz bu addımı daha çox həmin kateqoriyadan olan insanların gələcəyini nəzərə alaraq atmalıyıq. Probasiya məsələsində də əslində düzgün mexanizm müəyyən edilib. Burada müəyyən mənəvi məsuliyyətlə yanaşı, maddi öhdəlik də nəzərdə tutulur. Şəxs 18 manat ödəməlidir və bu xidmətə borc kimi yanaşmalıdır. Öhdəliyi yerinə yetirmədiyi halda müəyyən ictimai qınaqla da qarşılaşa bilər".