Ombudsman vəzifəsinə namizədlər kimlərdir? - DOSYE

Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçiləcək. Namizədlər isə hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Ölkə.az həmin namizədlərin dosyesini təqdim edir:

Səbinə Əliyeva 1980-ci il mayın 7-də Bakı şəhərində ictimai-siyasi xadim, diplomat Yaşar Əliyevin ailəsində anadan olub.

1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2000-ci ildə buranı bakalavr pilləsi üzrə, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirib. 2009-2012-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə "Beynəlxalq hüquq; İnsan hüquqları" ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Səbinə Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə aparat rəhbərinin müavini vəzifəsində çalışıb. Prezidentin 21 iyun 2016-cı il tarixli Sərəncamı ilə ona 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

2019-cu il noyabrın 29-da Prezidentin Ombudsman vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.

Digər namizəd Ceyhun Qaracayev 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Respublikası Bakı Şəhər Məhkəməsində iclas katibi vəzifəsindən əmək fəaliyyətini başlayıb.

1987-ci ildə İ.İ.Meçnikov adına Odessa Milli Universitetinin hüquq fakültəsinə daxil olub, 1990-cı ildə Bakı Dövlət Universitetinə keçirilib və 1993-cü ildə həmin universitetin hüquq fakültəsini bitirib. Odessa Dövlət Hüquq Akademiyasının aspiranturasında elmi fəaliyyətini davam etdirib.

Odessa Dövlət Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasında müəllim (assistent və dosent) olub.

1998-ci il martın 14-də Odessa Dövlət Hüquq Akademiyasında 12.00.02 “Konstitusiya hüququ” ixtisası üzrə hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Müstəqil Dövlətlər Birliyi ölkələrində insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları və beynəlxalq hüquqi standartlar (Ukrayna, Rusiya, Azərbaycandakı materiallar əsasında) mövzusunda dissertasiya işi müdafiə edib. Elmi rəhbəri hüquq elmləri doktoru, professor, Ukraynanın əməkdar elm və texnika xadimi, Odessa Dövlət Hüquq Akademiyasının konstitusiya və beynəlxalq hüquq kafedrasının müdiri Mark Orzix, rəsmi opponentlər isə hüquq elmləri doktoru, professor, Ukrayna Hüquq Elmləri Akademiyasının Lvov İnsan Hüquqları Laboratoriyasının müdiri, Lvov Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Rabinoviç Petr Moiseeviç və hüquq elmləri namizədi, dosent, Ukrayna Ali Radasının deputatı, məhkəmə islahatları üzrə alt komitənin sədri Viktor İvanoviç Şişkin olub.

1999-cu ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində konstitusiya hüququ və insan hüquqları üzrə kurslar tədris etmişdir. 28 mart 2006-cı ildə dosent elmi adını alıb. Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosentidir.

2002-ci ildə Azərbaycanın hüquq sisteminin İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasına uyğunluğuna dair Hesabatın hazırlanmasında milli ekspert kimi iştirak edib.

2004-2007-ci illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasında doktorantura təhsilini davam etdirib.

2006-cı ildən Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti vəzifəsində çalışıb.

2008-ci ildən Azərbaycan Milli Məclisi Aparatının dövlət quruculuğu sahəsində qanunvericilik şöbəsinin müdir müavini idi.

2010-cu il iyunun 22-də Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi təsdiq edilib və 2025-ci ilə qədər burada çalışıb. İşgəncələrin qarşısının alınması üzrə Beynəlxalq Komitənin üzvü olub (19 dekabr 2015 - dekabr 2019).

2017-ci il sentyabrın 15-də “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: nəzəriyyə və təcrübə” mövzusunda doktorluq dissertasiyası müdafiə eib. Ukraynada hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

2018-ci il iyulun 13-də Azərbaycanın hüquq elmləri doktoru elmi dərəcəsi adına layiq görülüb.

Elşanə Vəliyeva 1975-ci ildə anadan olub.

1994-2000-ci illlərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1992-1993-cü illərdə Azərbaycan Ali Arbitraj Məhkəməsində 2-ci dərəcəli mütəxəssis vəzifəsində çalışıb. 1993-1998 Ali Arbitraj Məhkəməsi məhkəmə təcrübəsinin ümumiləşdirilməsi şöbəsində məsləhətçi olaraq işləyib.

1998-2000-ci illərdə İqtisad Məhkəməsində baş mütəxəssis, 2000-2007-ci illərdə həmin məhkəmədə məhkəmə iclas katibi işlərini icra edib.

2007-2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin hakimi, 2010-2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.

2017-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür.

2023-cü il noyabrın 2-də Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında namizədlər parlamentin plenar iclasında müzakirəyə tövsiyyə edilib.