"İnsanın virus hepatitlərinə yoluxma yolları virusun növündən asılı olaraq dəyişir. Hepatit A və E çirklənmiş əllər, yuyulmamış meyvə-tərəvəz və keyfiyyətsiz su vasitəsilə keçir".
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov danışıb.
Onun sözlərinə görə, Hepatit B, C və D virusunun yoluxması isə əsasən qan və qan məhsulları, sterilləşdirilməmiş tibbi alətlər, başqasına məxsus ülgüc, diş fırçası kimi şəxsi əşyaların istifadəsi, həmçinin qorunmayan cinsi əlaqə zamanı baş verir:
"Qeyri-peşəkar şəraitdə edilən döymə və pirsinqlər də böyük risk daşıyır. Gündəlik həyatda gigiyena qaydalarına etinasızlıq göstərmək, tibbi və kosmetik prosedurların steril şəraitdə aparılmasına nəzarət etməmək təhlükəni artırır. Xüsusilə gənclər arasında populyar olan müxtəlif kosmetik manipulyasiyalar zamanı birdəfəlik alətlərdən istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin, tibb işçiləri peşə fəaliyyəti zamanı xüsusi ehtiyat tədbirlərinə riayət etməli, hər kəs isə şəxsi gigiyena vasitələrinin başqaları ilə paylaşılmamasını qızıl qaydaya çevirməlidir.
Virus hepatitləri çox vaxt uzun müddət heç bir əlamət büruzə vermədən gizli inkişaf edir. Lakin xəstəliyin kəskin dövründə və ya xroniki mərhələnin aktivləşməsində ümumi zəiflik, tez yorulma, iştahasızlıq, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hiss olunur. Ən səciyyəvi əlamətlər göz almalarının və dərinin saralması, sidiyin tündləşməsi, nəcisin rənginin isə ağarması və ya açıq sarı rəngə çalmasıdır. Bu əlamətlər görünən kimi dərhal infeksionistə müraciət etmək lazımdır. Çox təəssüf ki, bir çox insanlar yorğunluğu və halsızlığı sadəcə gündəlik stresslə əlaqələndirərək həkimə getməyi gecikdirirlər. Nəticədə xəstəlik xroniki formaya keçərək qaraciyər sirrozu və ya digər ağır fəsadlara yol açır. Öz orqanizminizin siqnallarına qarşı diqqətli olmaq və vaxtaşırı profilaktik müayinələrdən keçmək həyati əhəmiyyət daşıyır".
T.Eyvazov bildirib ki, profilaktik tədbirlər gigiyena qaydalarına riayət etməkdən və təhlükəsizlik tədbirlərindən ibarətdir:
"Hepatit A və B-yə qarşı ən effektiv qorunma üsulu peyvənddir. Hepatit B əleyhinə vaksinasiya dövlət tərəfindən tətbiq olunan peyvənd təqviminə daxildir. Bundan əlavə, hər zaman şəxsi gigiyenaya riayət etmək, yalnız birdəfəlik və ya sterilləşdirilmiş tibbi alətlərdən istifadə etmək, kosmetik prosedurları etibarlı yerlərdə etdirmək, təsadüfi cinsi münasibətlərdən çəkinmək vacibdir.
Valideynlər övladlarının vaxtında peyvənd olunmasına xüsusi diqqət yetirməlidirlər. Eyni zamanda, risk qrupuna daxil olan şəxslər mütəmadi olaraq skrininq müayinələrindən keçməlidirlər. Unutmamalıyıq ki, hər hansı bir yoluxucu xəstəliyi müalicə etməkdənənsə, onun profilaktikasını aparmaq həm sağlamlıq, həm də maddi baxımdan daha sərfəli və təhlükəsizdir".