Səyyad Aran bu dəfə də tənqid etdi, həm də dəstək verdi

“Bir deputat olaraq seçicilər arasındayam, probleminə çarə tapmayan ombudsmanın üstünə qaçır. Ombudsman Aparatından kimsənin şikayət etdiyinin şahidi olmamışam”.

Bunu hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçirilən iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, hər üç namizəd - hazırda bu postda çalışan Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşana Valiyeva kifayət qədər zəngin həyat yoluna malikdir.

“Amma Səbinə xanım Azərbaycanın ictimai-siyasi həyatında çox fəal görünən kadrlardan, dövlət məmurlarından biridir. Halbuki, çoxları var ki, onlar xalqın içində olmalıdırlar, dərdinə yanmalıdırlar və sair və ilaxır. Amma Səbinə xanım onlardan daha çox görünür. Mən dəfələrlə eşitmişəm, Səbinə xanımın yanına gedən şikayətçi əliboş qayıtmayıb. Vəssalam-nöqtə və bəlkə də nida işarəsi. Bu elə ən əsas məsələdir də, sən məmurun yanına gedəsən, nazirin yanına gedəsən, ordan əliboş qayıdasan, bu biabırçılıqdır. Lakin Səbinə xanımın yanıdan boş qayıtmırlar. O mütləq yardım eləyir, istiqamət verir və el arasında belə bir söz gəzir: “sən olasan, şikayətimə baxmayasan, gedəcəm ombudsmanın yanına, şikayət edəcəm”, - S.Aran söyləyib.