Məcnun Məmmədov: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 11 milyard manatı ötüb

2026-cı ilin yanvar-sentyabrında Azərbaycanda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı isə 36,3 sentnerə yüksəlib.

Nazir qeyd edib ki, meyvə və giləmeyvə istehsalı 5 faiz artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb.

Məmmədov vurğulayıb ki, əldə olunan nəticələrlə yanaşı, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər aqrar sektorda daha çevik, innovativ və elmi əsaslara söykənən yanaşmaların tətbiqini zəruri edir.

Onun sözlərinə görə, rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas istiqamətləri olmalıdır.