Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə stansiyaların yaradılması nəzərdə tutulur. Güzdək stansiyası Xırdalan–Sumqayıt xətti üzərində yerləşəcək.
Trend-in müxbiri xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı–Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəmiryol xətlərinin bərpasından sonra Bakıətrafı ərazilərdə stansiyaların sayının 15-dən 40-a çatdırılması planlaşdırılır.
Bəxtiyar Hacıyevin sözlərinə görə, artıq Yeni Suraxanı–Hövsan xəttində işlərə, o cümlədən hərəkətin təhlükəsizliyini təmin etmək üçün çəpərləməyə başlanılıb. Bərpası nəzərdə tutulan xətlər arasında ilk növbədə bu xəttin istifadəyə verilməsi planlaşdırılır.
Şöbə müdiri qeyd edib ki, Yeni Suraxanı–Hövsan istiqamətində qatarlar Bakı Dəmiryol Vağzalından hərəkət edərək Bakıxanovdan keçəcək. Xətt Yeni Suraxanıdan sonra Hövsan MİDA yaşayış kompleksinin yerləşdiyi ərazi boyunca davam edərək Hövsan limanı ərazisinə çatacaq.
Zabrat–Maştağa–Bağlar istiqamətində hərəkət Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar ərazisinədək davam edəcək. Bakıxanov–Binə–Qala xətti isə Binə və Qala ərazilərini əhatə edəcək.
Bəxtiyar Hacıyev bildirib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində bütün işlərin 2030-cu ilədək tam yekunlaşdırılması nəzərdə tutulur.