Hövsanda 3 dəmir yolu stansiyası olacaq

Yeni Suraxanı–Hövsan dəmiryol xəttində ümumilikdə dörd stansiyanın inşası və ya bərpası planlaşdırılır. Stansiyalardan üçü Hövsan ərazisində yerləşəcək.

Trend-in mediaturda iştirak edən müxbirinin xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı–Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər stansiyada piyada keçidlərinin, həmçinin avtomobil yolları ilə kəsişmələrdə müxtəlif səviyyəli bir neçə körpünün inşası nəzərdə tutulur.

Bəxtiyar Hacıyevin sözlərinə görə, Yeni Suraxanı–Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb.

"Xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb. Onlarla müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xətt boyunca çəpərləmə işlərinə başlanılıb", - deyə o bildirib.

Şöbə müdiri qeyd edib ki, Dövlət Proqramında Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmiryol xətlərinin bərpası da nəzərdə tutulur. Qeyd olunan xətlər üzrə yol infrastrukturunun təhlili aparılıb və layihələndirmə işlərinə başlanılıb.